2008-Cİ İL ÜÇÜN QHT-LƏRƏ MALİYYƏ YARDIMI MÜSABİQƏSİNƏ YEKUN VURULMUŞDUR
AzərTAc xəbər verir ki, avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2008-ci il üçün QHT-lərə maliyyə yardımı müsabiqəsinin nəticələrinə həsr olunmuş təqdimat mərasimi keçirmişdir.
Tədbirdə çıxış edən Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev 15 prioritet istiqamət üzrə bu il iyunun 12-də elan olunmuş müsabiqəyə 367 layihənin təqdim edildiyini bildirmişdir. Bunlardan 290 layihə Bakı şəhəri, 71 layihə isə region QHT-ləri tərəfindən təqdim edilmişdir. QHT-lərə maliyyə yardımı müsabiqəsinin ümumi fondu 1 milyon 200 min manat nəzərdə tutulmuşdur.
A.Quliyev demişdir ki, aparılan ilkin seçim nəticəsində 24 təşkilatın layihəsi Şuranın qəbul etdiyi qaydalara uyğun olmadığına görə ekspertizadan kənarlaşdırılmış, 337 QHT-nin layihəsi isə ekspertizaya təqdim olunmuşdur. Bu layihələrin hər biri ayrı-ayrılıqda 3
ekspert tərəfindən qiymətləndirilmişdir. Nəticədə 191 layihənin maliyyələşməsi barədə qərar qəbul edilmişdir.
Tədbirdə çıxış edən Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda ilk dəfə QHT-lərə göstərilən təmənnasız dövlət yardımının əhəmiyyətini yüksək qiymətləndirmişdir. O, respublika Prezidenti tərəfindən ötən il təsdiq edilmiş QHT-lər üzrə Konsepsiyanın, xüsusi Fondun və Dövlət Dəstəyi Şurasının ölkədə demokratik dəyərlərin formalaşması və vətəndaş cəmiyyətinin inkişafı baxımından əhəmiyyətini xüsusi vurğulamışdır. Bildirilmişdir ki, layihə həyata keçirilərkən xarici dövlətlərin QHT-lərə dəstəyi sahəsində təcrübəsi ətraflı öyrənilmiş və Azərbaycan bu işdə öz yolunu seçmişdir. Yəni dövlətin iştirakı ilə yanaşı, xarici yardımların təşviq olunaraq tətbiqinə də yer ayrılmışdır.
Əli Həsənov vurğulamışdır ki, ayrılan vəsait QHT-lərə hədiyyə kimi qəbul edilməməli, cəmiyyətin inkişafına sərf olunmalıdır.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə təmsilçisi Skott Teylor və ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herroro Ansola tədbirdə çıxış edərək, Azərbaycanda demokratik dəyərlərin sürətlə inkişaf etdiyini, QHT-lərlə dövlət strukturları arasında əməkdaşlıq münasibətlərinin vətəndaş cəmiyyətinin formalaşmasında önəmli rol oynadığını bildirmişlər.
Sonra müsabiqədə qalib gəlmiş QHT-lərə müqavilələr təqdim olunmuşdur.
P.S. Yeni Yazarlar və Sənətçilər Qurumunun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2008-ci il üçün QHT-lərə maliyyə yardımı müsabiqəsinə təqdim etdiyi "Azərbaycan: müxtəlif mədəniyyətlərin birləşdiyi Ümumi Evimiz" Kulturoloji Layihəsi fərqləndirilmiş və qismən maliyyələşdirilməsi barədə qərar verilmişdir. Bu yaxınlarda layihə barədə geniş məlumat KİV-də yayımlanacaq...
E-mənbə: http://yysq.azeriblog.com/2008/08/19/kulturoloji-layihemiz-qalib-geldi


