İyun 20, 2008 12:57
Ədəbiyyata gedən yol... (Müsahibə)
Aydın Xan (Əbilov): "Əsl kamil yaradıcı insan Allah kimi xüsusi - real deyil, fəlsəfi - ümumi problemlərlə məşğul olmalıdır..."

Bəşəriyyət tarixinə nəzər salanda, hər yeni yüzilliyin əvvəllərində müxtəlif sahələrdə qəribə bir intellektual oyanışın şahidi oluruq.
Bu xüsusən də mədəniyyət və sənətdə baş verən yeni proseslərdə özünü daha çox biruzə verir. Uzağa getmədən XX əsrin əvəllərinə diqqət yetirəndə, Azərbaycan ədəbiyyatında və mədəniyyətində dərin iz buraxmış Mirzə Cəlil, Üzeyir Hacıbəyov, Hüseyn Cavid kimi klassikləri yada salmaq yerinə düşər.
Bəs XXI əsrin yeni yüzilliyinin əvvəli necə, milli mədəniyyət və ədəbiyyatımız tarixində iz buraxacaq adları xalqımıza tanıtdıracaqmı?
Bu məqsədlə çağdaş ədəbiyyaımızda iddialı gənc kimi tanınan yazıçı-kulturoloq, indiyə qədər daha çox publisist-tərcüməçi kimi şöhrət qazanmış Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xanla (Əbilov) görüşüb söhbət etdik. Çağdaş ədəbi-bədii söz sənətimizin müxtəlif problemlərinə aid söhbətin maraqlı alındığını nəzərə alıb ədəbiyyatsevərlərimizə də təqdim etmək istəyirik.
- Aydın Xan, siz bizim elə gənc yazarlardansınız ki, oxucularla yanaşı, yeni nəsil söz adamları kitabınızın nəşrini səbirsizliklə gözləyirlər. Kitabınızı buraxdırmamaqda hansı məqsəd güdürsünüz: indiyə qədər tənqid atəşinə tutduğunuz qələm dostlarınızı sizdən sənət intiqamını almaq imkanındanmı məhrum etmək istəyirsiniz, yoxsa...
- Doğrudan da, biz elə bir vaxtda yaşayırıq ki, oxucular sevdiyi yazarı deyil, əksinə, sanki yaradıcı insanlar oxucu axtarışına çıxıblar. Dünya ədəbiyyatında hələ keçən əsrin ortalarında baş vermiş ictimai-mədəni proseslərin izlərini biz ancaq əsrin sonunda hiss etməyə başladıq. Ciddi sənətin - ədəbiyyatın kütləvi informasiya vasitələri və ucuz əyləncə qarşısında geriyə çəkilməsini nəzərdə tuturam. O mənada yazarlarımızın qələm məhsulları ilə ancaq həmkarları, sənət dostları maraqlanır, yeni əsərlərini izləyirlər. Mənim sənət dostlarımın yaradıcılığıma olan bu diqqətini yüksək qiyətləndirsəm də, çoxlu obyektiv səbəbə görə, bir neçə kitablıq əsərlərimi nəşr etmək iqtidarında deyiləm.
- Bu qədər ədəbiyyat bəyləri arasında “Xan” olmaq çəyin deyil ki?
- Məşhur kəlam var: General olmaq arzusuyla yaşamayan əsgər pis hərbiçidir. Əslində, bütün qələm sahibləri yaradıcılığının ilk dövrlərindən ən azı Nobel mükafatı almaq fikriylə yazıb-yaradırlar, hətta yaşayırlar. Mən buna pis baxmıram. Doğrudan da hər hansı bir sənətin ardınca düşürsənsə, mütləq onu peşəkarcasına öyrənməlisən. Nizaminin fəlsəfi fikri yadıma düşür:
Mahir bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan...
Bu müdrik kəlamları biz yazarlara da şamil etmək olar. Heç kim anadan Füzuli doğulmadığı kimi, zəhmətsiz, əziyyətsiz kamil sənətkar olmaq mümkün deyil. Xan olmaq üçün xanlıq əzab-əziyyətlərinə qatlaşmaq lazımdır. Ədəbiyyatın xanlıq əzab-əziyyəti isə oxumaqda, öyənməkdə, ənənələrin davam etdirilməsində, dünya mədəniyyətində gedən mürəkkəb proseslərin nəticələrindən milli sənətimizdə faydalı istifadədə görürəm.
Təəssüflər olsun ki, nəinki dünya ədəbiyyatında, heç milli söz sənətimizdə gedən ədəbi-mədəni proseslərdən xəbəri olmayan “ədəbiyyat bəyləri”nə nəzər salanda, mən "xan"dan çox, yəqin ki, söz “qulluqçu”suyam.
- Vaxtilə “Space TV”-dəki çıxışınızda bildirmişdiniz ki, bədii yazılarınızı çap etməyəcəksiz və İnternetdə “Çağdaş Azərbaycan ədəbiyyatı” səhifəsini yaradıb orada yerləşdirəcəksiz. Bu innovativ-liberal təşəbbüsün axırı nə oldu?
- Uzağa getməyək, çağdaş tariximizə nəzər salanda, şahid oluruq ki, dünyada gedən proseslər bizə çox gec gəlib çatır. Yəni bizim görmək istədiyimiz işi dünyada çoxdan sınaqdan keçirirlər. Əgər kino və televiziyanın yaranmasıyla sənət, eləcə də ədəbiyyat vizuallaşdısa, kompüter texnologiyası, həmçinin qlobal informasiya şəbəkəsinin - İnternetin meydana çıxması ilə əlaqədar o vizuallıq daha çox virtuallıqla-interaktivliklə əvəzlənir. Bütün dünyada gedən bu qlobal kulturoloji-texnoloji proses Azərbaycandan da yan ötməmiş və heç təsirsiz keçə də bilməz. Fərəhli haldır ki, son vaxtlar İnternetdə respublikamızın ictimai-mədəni həyatının müxtəlif sahələrinə aid bir çox elektron səhifələr - saytlar yaradılır. Onların arasında milli mədəniyyət və söz sənətimizə həsr olunmuşlar da çoxdur. Maddi problemlərin ucbatından bizim təşəbbüsümüz ideya olaraq hələ ki, gerçəkləşməyib.
- Cəmiyyətimizin əksəriyyətinin bədbinliyə qapıldığı halda, biz sizi həmişə nikbin, gülərüz görürük. Bir yazıçı kimi insanların qarşılaşdığı problemlər məgər sizi düşündürmür?
- Hər kəsin problemi onun özünün adlamalı olduğu çətinliyidir. İnsanların problemləri yox, dünyanın poblemi - bəşəriyyətin problemi, bəşəriyyətin qarşısında duran məsələlər məni daha çox düşündürür. Axı, doğrudan da əsl kamil yaradıcı insan Allah kimi xüsusi - real deyil, fəlsəfi - ümumi problemlərlə məşğul olmalıdır.... İnsan xəstələnəndə Allahdan şəfa diləyir, amma onu həkim müalicə edir. Yazar mənəviyyatı müalicə edər - sağaldar, amma ürəkdə cərahiyyə əməliyyatı apara bilməz. Yaxud da şair sürücülər haqqında yaxşı şeir yaza bilər, fəqət nasaz maşını düzəldə bilməz. O mənada məni məvaciblərin azlığındansa, küçədə dilənən uşaqların iç dünyası və aqibəti, yaxud da Əfqanıstanda baş verən hadisələr daha çox maraqlandırır.
- Aydın Xan, siz bir çox müsahibələrinizdə o fikirlərlə çıxış edirsiniz ki, Azərbaycan milli söz sənəti dünya ədəbiyyatının bir hissəsidir. Bu fikir bizləri sənət kosmopolitizminə aparıb çıxarmaz ki?
- O cür fikirləşənlərə böyük rus ədibi Anton Çexovun maraqlı bir fikri cavab ola bilər: milli cəbr olmadığı kimi, böyük sənətin də milliyyəti bilinməz. Əlbəttə, Azərbaycan ədəbiyyatı çağdaş humanitar düşüncədə mühüm bir yeri olan mədəniyyət faktorudur. Geniş mənada mədəniyyətin özündə bəşərilik, qloballıq həmişə olub. Əgər böyük Nizami yunan, Roma və xristianlıq mədəniyyətindən bəhrələnibsə, alman mütəfəkkiri Höte Şərq poeziyasından faydalanıbsa, yaxud məşhur filosof Nitsşe Zərdüştə üz tutubsa, ciddi sənətdə hansı millilikdən söz gedə bilər. Son zamanlar bizdə xəlqiliklə milliliyi qarışdırırlar, zəif və ya güclü yazmağından asılı olmayaraq, damarında Azərbaycanlı qanı axan, istənilən qələm sahibinin yaratdığı əsər xəlqidir, xalqına ünvanlanıb. Fəqət yenə də təəssüfləndirici bir halı nəzərə çatdırmaq istəyirəm: çağdaş dünya mədəniyyəti və ədəbiyyatında gedən böyük kulturoloji proseslərdən xəbərimiz yoxdur deyə, düşüncələrimizdə də geridə qalırıq. Yazılmış əsərlər dilimizə tərcümə olunmur. Kitab nəşri bərbad haldadır. Ədəbi prosesimiz xaos içindədir. Mədəniyyətlərarası qarşılıqlı inteqrasiya çox zəifdir. Bütün bu cəhdlər isə milli mədəniyyətimizin və söz sənətimizin dünya mədəniyyətinə qovuşması yolunda adlayası çətin olan səddə çevrilir.
- Üzvlərinin əsas hissəsi gənclərdən ibarət olan yaradıcı birliyin - Yeni Yazarlar və Sənətçilər Qurumun rəhbəri kimi, çağdaş ədəbi prosesin inkişafından razısınızmı?
- Çağdaş ədəbiyyatımızın son on ildəki tarixinə nəzər salanda uğurlarımız da olub, çatışmayan cəhətlərimiz də. Amma yaxşı haldır ki, ədəbi prosesimiz bir yerdə durmayıb. Milli ədəbiyyatımızı böyük bir dənizə oxşatsaq, onun irəliyə atılan və geri çəkilən dalğalarını xatırladan ədəbi prosesimizdə gənclərin rolu daha böyükdür...
- Həmkarlarınız ədəbiyyatımızdan danışanda kimlərinsə imzasını xatırlamağa ürək etmirlər. Bəlkə siz deyəsiniz: milli ədəbiyyatımızın poeziya, nəsr, dramatugiya və tənqid qolarında imzası möhkəm olan gənc yazarlardan kimin yaradıcılığı daha ümidvericidir?
- Mən doxsanıncı illər ədəbi nəslinin imzası deyil, yeni nəsil yaradıcı gənclərin adını sadalaya bilərəm. Əgər yaradıcılıqlarına gərgin zəhmət və intellekt sərf etsələr, gələcəkdə milli söz sənətimizi daha da zənginləşdirəcək əsərlər müəllifi kimi, poeziyada Zahir Əzəmət, Aqşin, Şərif Ağayar, Hikmət Məlikzadə, İlqar Fəhmi, Qulu Ağsəs, Xanəmir, Rəsmiyyə Sabir, Həyat Şəmi, Nərmin Kamal, Solmaz Şamilqızı, nəsrdə Elçin Hüseynbəyli, Günel Anarqızı, Əkbər Qoşalı, dramaturgiyada Aygün Həsənoğlu, tənqiddə Bəsti Əlibəyli, Nərgiz Cabbarova, və başqalarının yaradıcılığını ardıcıl olaraq izlədiyimə görə bu qənaətə gəlmişəm.
- Siz yazıçı-kulturoloq kimi tanınırsınız. Mədəniyyətimizdə, habelə milli ədəbiyyatımızda baş verən proseslərə münasibətiniz?
- Məlum olduğu kimi, son otuz ildə bütün dünyada informasiya inqilabı baş verir. Kütləvi İnformasiya Vasitələrin birbaşa çıxış hər sahədə olduğu kimi, mədəniyyətdə və ədəbiyyatda da bir çox yeniliklərə səbəb olub. Əgər vaxtilə dünya mədəniyyət xəzinəsinə ancaq rus dili vasitəsiylə çıxırdıqsa, indi qarşımızda çox imkanlar yaranıb. Dövlət müstəqilliyimizi ikinci dəfə əldə edəndən sonra əlimizə düşən bu imkandan səmərəli istifadə etməsək də, əvvəl-axır dünya mədəniyyətiylə birbaşa təmasda olacağıq. Bu isə qarşılıqlı, faydalı inteqrasiyaya təkan verəcək. Amma müəyyən problemlər də ortaya çıxır. Belə ki, əgər milli mədəniyyətimiz rus dilinin, sovet dünya görüşünün təsiri altında idisə, indi ikinci böyük bir problemlə qarşılaşırıq: ingilis-amerikan mədəniyyətinin dağıdıcı həmləsini dəf etmək lazım gəlir. Digər tərəfdən hələ də Türk dünyasının intellektual-kulturoloji birləşməsini təmin edə bilməmişik. İntellektual-mədəni Turan dünyasının zamanı çoxdan yetişib. Və bu mənada Azərbaycan mədəniyyətində gedən proseslər ilk öncə Türk dünyasına istiqamətlənməlidir. Mən lokal - məhəlli düşüncədən qlobal - dünya mədəniyyət faktoruna çevriləcək ədəbi hadisələri nəzərdə tuturam.
- Biz böyük məsələlərdən çox danışdıq. İndi isə şəxsi həyatınızla bağlı bir suala cavab verməyinizi xahiş edirəm: şayiələrə görə bu yaxınlarda subaylığın daşını atırsız?
- Allahdan gizlin deyil, dostlarımdan nə sirr saxlayım: ayağımı yaman bağladılar, “azadlığımı” əlimdən aldılar. Noyabrın ilk ongünlüyündə isə dostlarımı toyuma dəvət edəcəyəm...
- Demək istəyirsiniz ki, “Leyli”nizi tapmısınız...
- Xatirə xanım, “Leyli”lər ədəbiyyatda olur – onlar daha çox poeziya qəhrəmanlarıdır. Mənsə cəmiyyətdə hökm sürən harmoniyanı pozmamaq üçün, milli adət-ənənələrimizə uyğun olaraq, ailə həyatı qururam.
- Aydın Xan üçün məhəbbət nədir?
- Gözəl bir yay səhərinin açılmasına bir az qalmış, alatoranda bağda oxuyan bülbülün cəh-cəhəsi kimi ani və hərarətli bir “nə isə”... (dərindən ah çəkir)
- Deyəsən, axı ilk məhəbbətiniz daşa dəyib?
- “İlk məhəbbət yada düşəndə həzin-həzin ağlayanlardan” olmasam da, birinci sevgimin qorunu qəlbimdə gizlətmişəm.
- Ənənəvi bir sual verim. Dünyaya ikinci dəfə gəlsəydiniz, yenədəmi yazıçı olmaq istərdiniz?
- Xeyr.
- Nə üçün?
- Çünki hərəmizə bir ömür verilib. Mən dünyaya göz açdım, ömrümü yaşayıram, haçansa həyatdan köç edəcəyəm. Qoy məndən sonra da başqaları gəlib bu dünyanı görsünlər. Əgər məcburən ikinci dəfə bu dünyaya qaytarılsam, insanların indiyə qədər axtardıqları həqiqətə dönmək istərdim ki, işığımdan insanlar bəhrələnsin...
Müsahibəni apardı: Xatirə Əzizqızı
"Azərbaycan uğrunda" qəzeti, 2002
Qısa arayış: Aydın Xan (Aqydın Əhməd oğlu Əbilov) 14 may 1971-ci ildə anadan olub. İlk öncə BDU-nun filologiya fakültəsində təhsil almış, daha sonra Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olmuşdur. Hal-hazırda “Ədəbi-bədii publisistika: poetika və tipologiyası” mövzusunda elmi iş üzərində çalışır.
2000-ci ilin uğurlarına görə Respublika İdman, Turizm və Gənclər Nazirliyi ilə mükafata – “2000-ci ilin ən yaxşı tənqdçisi” diplom və ödülünə layiq görülüb. Bundan başqa Azərbaycan, Türkiyə və İraqın müxtəlif ictimai və sənət mükafatları, diplomlarıyla təltif olunub.
Mətbuatda 500-dən şox nəsr, publisistik və elmi əsərləri işıq üzü görüb. Mütəmadi bədii tərcümə ilə məşğul olur. Bu yaxınılarda ilk kitabı işıq üzü görəcək.
Hazırda “Ədəbiyyat qəzeti”nin şöbə müdiri kimi fəaliyyət göstərir.
Musahibələrim. Kulturoloq rəylərim | Şərhlər(1) | Baxış sayı: 61

Maraqlı bir yazı oxudum, çox sağ olun.
Razılaşmamaq əldə deyil. Ən çox da ki, bu cümlələrlə :
-"çağdaş dünya mədəniyyəti və ədəbiyyatında gedən böyük kulturoloji proseslərdən xəbərimiz yoxdur deyə, düşüncələrimizdə də geridə qalırıq. Yazılmış əsərlər dilimizə tərcümə olunmur. Kitab nəşri bərbad haldadır. Ədəbi prosesimiz xaos içindədir. Mədəniyyətlərarası qarşılıqlı inteqrasiya çox zəifdir. Bütün bu cəhdlər isə milli mədəniyyətimizin və söz sənətimizin dünya mədəniyyətinə qovuşması yolunda adlayası çətin olan səddə çevrilir".
Həddindən artıq günümüzdə çox üzücü və bərbad deyiləcək qədər bir vəziyyətdir Görəsən dəyişiləcəkmi? Hal-hazırda Azərbaycan, şou-biznes, musiqi, telefon satışları və istifadəsi, oyunlar, blootuse nə bilim və s. başqa şeylərlə öz savadını, biliyini, mədəniyyətini qaldıra bilmir. İnsanlar bu şeylərə o qədər dalıblar ki, bunun fərqində belə deyillər. Ədəbiyyata maraq azdır, oxumağa həvəs yoxdur. Hara gedir bunun sonu? Aydın Xanın sözünə qüvvət, kimlərsə nəsə oxyursa tanış, o sahədə çalışan, marağı olanlardır.
Şərhimi məşhur rəssamımız olan professor (Allah ona rəhmət eləsin)Böyükağa Mirzəzadənin bir cümləsi ilə bitirmək istərdim: "Yeniliyi savadlı adam gətirər. İndiki tələbələr kitabxana tanımırlar".
İyun 21, 2008 17:18