"Alma" qəzetinin eyniadlı sorğusuna mənin düşüncələrimin bir parçası...

İnkişaf etmək istəmirik, çünki dəyişmək istəmirik
Dünya sürətlə dəyişir. Yalnız biz istisnayıq. Səbəb sadədir: biz hələ dünyanın bir parçası ola bilməmişik. Müasir sivilizasiyanın arxasınca ölüm-zülüm sürünürük. Azərbaycanda dəyişiklik deyəndə ağla gələn olsa-olsa, hakimiyyət dəyişikliyidir. Əlhəmdülillah, heç bunu da bacarmırıq.
Nə isə. Cəmiyyətin üzdə olan simalarına müraciət edib onlardan əgər əllərinə elə bir imkan düşsəydi, Azərbaycanda nəyi və niyə dəyişmək istədiklərini soruşduq. Cavablar rəngarəng və maraqlı oldu.
...Aydın Xan isə azərbaycanlıların özünü dəyişmək istəyir
Kulturoloq Aydın Xan (Əbilov) isə hər şeyə millətin düşüncə, təfəkkür tərzini dəyişməkdən başlamaq istəyir. Onun fikrincə, bugünki Azərbaycan toplumu ilə inkişafa nail olmaq mümkün deyil: "Bizim millət intellektcə aşağı səviyyəlidir, qanunlara riayət etməyi sevmir, yüksək təhsil almağa tam biganədir. Belə xüsusiyyətlərlə sivil dünyaya qovuşmaq mümkünsüzdür. Çox istərdim ki, yaxşı xüsusiyyətlərini saxlamaqla, Azərbaycanda yeni bir millət formalaşdırım".
Aydın bəy, millətdə yeni xüsusiyyətlərin formalaşması üçün hər bir insanın dəyişməyə meylli olmasını vacib hesab edir: "Şəxsən mən özümü dəyişmək üçün çox çalışıram. Araq içmirəm, siqaret çəkmirəm, svetaforu qırmızı işıqda keçmirəm, tumun qabıqlarını küçəyə tökmürəm. Çalışıram ki, bütün qanunlara riayət edim. Bir sözlə, mən özümü normal azərbaycanlı və insan hesab edirəm. Hər kəsə də bunu arzulayıram".
Həmid Herisçi azərbaycanlıların mətbuata inamını...
Yazıçı Həmid Herisçinin fikrindən insanların mətbuata olan inamını öldürmək keçir. Həmid bəy hesab edir ki, Azərbaycanda hələ də mətbuatın yazdıqlarına inananlar var və bu, çox təhlükəlidir: "Azərbaycanda gündəm adlı yalançı bir mühit formalaşıb. Belə mühiti isə iqtidar və müxalifət birgə formalaşdırır. İnformasiya manipulyasiyası dünyanın hər yerində mühüm amil sayılır. İnsanlar elə bilir ki, dünyada baş verənlər yalnız mətbuatda yazılanlardan ibarətdir. Halbuki dünyada daha ciddi proseslər baş verir, amma mətbuat onları işıqlandırmır. Ona görə də mən istəyirəm ki, hər bir insan özü üçün informasiya əldə etsin, dünyada nə baş verdiyini bilsin. Dünyada baş verənləri biləndən sonra Azərbaycanda da nəyin baş verdiyini təxmin etmək mümkün olacaq".
Həmid bəy deyir ki, təfəkkürü bu günkü postmodern xaosundan, imitasiyasından çıxarmaq lazımdır: "Bununla bağlı yazılarımın birində də yazmışam və orada postmodern xaosundan qurtulmağın yollarını göstərmişəm. Fikir verirsinizsə, bu gün demokratiya, seçki oyuna çevrilib. Heç nə öz həqiqi mənasında deyil. Jan Bodltyarın "Simikulyar" nəzəriyyəsində deyilir ki, indiki dövrdə nə varsa, öz həqiqi mənasına uyğun deyil. İşarələr dili bir tərəfdə qalıb, hadisənin zatı bir tərəfdə. Postmoderndən çıxış nöqtəsinə nail olmaq ən ümdə məsələdir".
...Fehruz Şamıyev zövqünü və təhsil sistemini...
CİNEMA Araşdırmalar Mərkəzinin prezidenti Fehruz Şamıyev Azərbaycanda ilk növbədə zövqləri dəyişdirmək istədiyini deyir: "Amma elə bilməyin ki, onları öz zövqümə uyğun formalaşdırmaq istəyirəm. Yox. Zövqüm məni olsa-olsa, altmış faiz qane edir. İkinci növbədə isə təhsil sistemini dəyişərdim. Mənə elə gəlir ki, uşaqları azərbaycanlı valideynlərdən uzaq tutsan, yaxşıdır. Onlar üçün internatlar yaradılmalı və uşaqlar valideynləri ilə təmasda olmamalıdırlar. Yalnız həftədə bir dəfə valideynlərə övladlarını görmək üçün icazə verilməlidir. Bu üsul yüksək intellektli azərbaycanlıların formalaşmasına yardımçı olar".
...Murad Köhnəqala prezidenti və parlamenti...
Şair Murad Köhnəqala isə ilk növbədə Azərbaycanda hakimiyyəti dəyişmək niyyətindədir: "Birinci növbədə indiki prezidenti istefaya göndərib, parlamenti də buraxardım. İmkan yaradardım ki, xalq özünə normal bir hakimiyyət formalaşdırsın. Prezidentin səlahiyyətlərinin əksər hissəsini də parlamentə verərdim. Çünki prezidentin əlində çox səlahiyyətlərin olması diktaturanın əlamətidir".
Ancaq Murad bəy hakimiyyəti dəyişəcəyi halda prezidentliyə və deputatlığa öz namizədliyini irəli sürmək fikrində deyil: "Prezidentlik mənim işim deyil. Düşünürəm ki, parlamentdə də qanunvericilikdən başı çıxan adamlar oturmalıdır. Baxmayaraq ki, orda mədəniyyət komissiyası fəaliyyət göstərir və komissiyanın tərkibində ziyalılar olmalıdır, yenə də öz namizədliyimi irəli sürməzdim".
Son olaraq, müsahiblərimizə istədikləri dəyişiklikləri həyata keçirmək üçün əllərinə imkan düşməsini arzulayır və bütün oxuculara səslənirik: DƏYİŞƏK, İNKİŞAF EDƏK!!!
Aynur Zeynallı


