Aydın Xan (Əbilov), Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, AYB Gənclər Şurasının sədr müavini, yazıçı-kulturoloq
- Aydın Xan, Əsəd Cahangirlə bağlı AYB-də, daha dəqiq desək, Anar müəllimin otağında baş vermiş müzakirənin səbəbkarlarından biri də Sizsiniz. Yəni AYB sədrinə yazılı şikayət verənlərin arasında adınızın olduğu bildirilir...
- İnformasiyada yanlışlıq var. Bəli, bu günlərdə AYB katibliyinin genişləndirilmiş toplantısında bir sıra məsələlərlə yanaşı Əsəd Cahangirlə əlaqədar Yazıçılar Birliyinin rəhbərliyinə ünvanlanmış yazılı müraciətlərə də baxıldı.
Məlum məsələdir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da yazıçılar mühiti istər ədəbi-estetik dəyərlərin formalaşmasındakı mübahisələr, istərsə də real həyatdakı münaqişələr, bir sözlə ədəbi-mədəni prosesdəki mürəkkəblikləri ilə cəmiyyətin digər qruplarının həmişə diqqət mərkəzində olur. O sıradan da bir sıra cavan yazarların arasındakı münasibətlər - bəzi şəxslərin araqarışdırma siyasəti nəticəsində - gərginləşmiş, mübahisələrərə, söz-söhbətlərə səbəb olmuşdur. Maraqlısı odur ki, baş verənlərin mərkəzində çox zaman və nəyə görəsə həmkarımız Əsəd Cahangir durur. Əsəd Cahangirin istər Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, Nərgiz Cabbarlı, Bəsti Əlibəyli kimi yeni nəsil yaradıcı insanlarla, istərsə də Ədalət Əsgəroğlu, Tehran Əlişanoğlu, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə kimi nisbətən yaşlı nəslin müxtəlif nümayəndələri ilə yersiz, mənasız münaqişələri AYB katibliyini də hər zaman qayğılandırırdı. Bir qələm yoldaşı kimi onun və münaqişəyə girdiyi tərəflərin iştirakı ilə AYB katibliyində keçirilən görüşdə məsələlərə aydınlıq gətirildi, ağsaqqal yazıçılar tərəfindən küsülülər arasındakı söz-söhbətə son qoyulması təklifi səslənmişdi. Təəssüflər olsun ki, televiziyadakı çəkilişimlə əlaqədar mən üzrxahlıq edib iclası yarımçıq tərk etmişdim. Fəqət, bildiyimə görə, Əsəd oz mövqeyini ortaya qoyanda bəzi hərəkətlərinə haqq qazandırmış, bir sıra nöqsanlarını boynuna almış, hətta xanım münaqişədardan üzrxahlıq istəmişdir. AYB katibliyi də Əsəd Cahangirə axırıncı xəbərdarlığı etmişdir. Qaldı şikayətçilərdən biri kimi mənim mövqeyimə, bəli, dövlət qurumu səviyyəsində rəsmilərimiz tərəfindən ictimai-milli nüfuzu həmişə dəyərləndirilən Yazıçılar Birliyində nizam-intizamın tərəfdarı kimi, Əsəd Cahangirin son zamanlar təşkilatımızın nüfuzlu üzvlərini aşağılamasına qəti etiraz etmiş və onun tənbeh edilməsini tələb etmişəm. AYB katibliyinin üzvlərinə də minnətdaram ki, məsələni hüquqi müstəvidə - sivil formada qaydasına qoya bildi. İnanmaq istərdim ki, Əsəd Cahangir bundan sonra davranışını ictimai-mədəni etik normalarına uyğunlaşdırmağa çalışaçaq...
- Bu kampaniyanın səbəbini paxıllıq və istedasızların birgə işbirliyi olduğunu və Əsəd Cahangirlə yaradıcılıq rəqabətində uduzduğunuzu deyənlərə sözünüz..
- Mən tolerant bir düşüncə sahibi kimi başqalarının fikirlərinə hörmətlə yanaşıram. Necə deyərlər, həqiqətə aparan yol insanların sayı qədərdir. İnanmıram ki, indiyə qədər xaricdə və ölkəmizdə kitabları çıxmış, müxtəlif ədəbi orqanların aparıcı simaları kimi nüfuz qazanmış Elçin Hüseynbəylidə, yaxud Səlim Babullaoğluda, Əsəd bir yana dursun, başqa yaradıcı gəncə qarşı hansısa qısqanclıq hissləri olsun. Azad cəmiyyətdə yaşayırıq, əgər kimsə qısqancdırsa, özünü bədbəxt edir. Sağlam rəqabətdən söz gedə bilərdi, ona da ki, ehtiyac yoxdur. Rusiyaya, Türkiyəyə baxanda, bizim ədəbi-mədəni mühitimiz o qədər dar və balacadır ki, burada bir Əsədə, tək Aydin Xana, yaxud da yeganə Səlimə də çox geniş yer var: əgər istedadlı, bacarıqlısansa, mütləq qabiliyyətin səni qabağa aparacaq. Bu bütün sahələrdə belədir, o cümlədən ədəbiyyatda da... Şəxsən məndən söhbət gedirsə, bildirim ki, Əsəd Cahangir klassik ədəbi tənqidin nümayəndəsi kimi tanınır, mənsə çağdaş modern estetik düşüncənin sahibi – kulturoloq kimi cəmiyyət tərəfindən qəbul edilirəm. Fərqli istiqamətlərdə, başqa-başqa sahələrin adamı kimi inanmıram ki, aramızda hətta rəqabətə belə yer var...
Əlavə info: Bu material son günlər yayılan aşağıdakı söz-söhbətlərə birdəfəlik nöqtə qoymaq üçün hazırlanıb:
AYB-də tanınmış tənqidçiyə qarşı təzyiq var
KultAz: Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibliyinin növbəti iclası keçirilib. İclasda “Körpü” tənqid jurnalının baş redaktoru, qurumun İdarə Heyətinin üzvü tanınmış ədəbiyyat tənqidçisi Əsəd Cahangirin AYB üzvlüyündən çıxarılması məsələsi müzakirə olunub.
Qurum daxilindən mənbələrimizin verdiyi məlumata görə, buna səbəb qurumun içində olan bəzi qruplaşmaların Əsəd Cahangirin “hansısasa etik qaydaları pozması” barədə katibliyə şikayətləri olub. Aldığımız digər məlumata görə isə şikayətlərin kökündə, tənqidçinin öz yazılarında AYB rəhbərliyində təmsil olunan bəzi şəxslərin yaradıcılığını ara-sıra tənqid etməsi dayanır. Daha konkret desək, müzakirəyə, “Ulduz” jurnalının baş redaktoru və qurumun Gənclər Şurasının katibi yazıçı Elçin Hüseynbəylinin dramaturji fəaliyyəti ilə bağlı tənqidçinin bu yaxınlarda mətbuatda və bizim portalda dərc olunan “Drama+tryuk” yazısı səbəb olub.
Birliyin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu faktı təsdiqləsə də, qurumun Əsəd Cahangirə etimad göstərdiyini və onun üzvlükdən çıxarılmadığını bildirib.
E-mənbə: http://kultaz.com/2008/04/14/tenqidci-esed-cahangiri-de-ayb-den-cixarmaq-isteyirler/



