Aprelin 20-si böyük övladım Ayxanın - Hidayətin (evdə ona qaquş deyirik), elə həmin ayın 25-i isə Nihadın - adı hamı tərəfindən Şəpi qəbul edilən - sonbeşiyimin ad günüdür... Bu şeir onlara olan sevgimin yazılaşmış formasıdır...

(Bu uşaqlar - maviköynəkli Nihad (3 yaş) və qırmızıpaltarlı Ayxan (5 yaş) - elə bağçadakıların da "ürəyini partladırlar")
Yox, sən böyümürsən, oğul bala,
atan kiçilir beş il
heç sən də üç sənə qanadlanmırsan Şəpi,
atan bu dünyadan itilir üç dəfə
- Atacan, hara tələsirsən e?!!
hərgünkü sualınızın bircə cavabı - həyata...
- Atacan, bizə nağıl de ki, yuxuya gedək...
atanız yuxudan hər səhər reallıqa gedir
reallıqa gedənin nağılı olmaz...
Əgər hərsəfərki - kimi çox sevirsən - sorğunuza
dilucu cavabım olsa, səni və qardaşını
böyüyəndə inanma, şirin olur yalanlar,
özünü, həyatı, dünyanı,
sözü sevər insanlar
mən də insan oğluyam...
elə siz də vaxt gələr onları sevərsiniz,
Ayxanım, Şəpim, canım-gözüm...
Ata, bizi gəzməyə apar - həmişəki arzunuz
bilirsiz, niyə zamanın darlığına dəyib çiliklənir?
Sizi daxilimdə lazımınca gəzdirə bilmədiyimə görə...
Zamanın buxarlanması siz balacaların nə vecinə
təki günlərlə, saatlarla, anlarla mazaqlaşasınız...
zamanla güləşməyə, məzələnməyə
vaxtınız bol, gülüşünüz bəhrəli
Hər sözünüz bir dünyaya bərabər,
addımınız mənim bir ilimdir
baxışınızda külli-kainat
sevincinizdə həyat enerjisi...
Siz yaşayırsız, mənsə yaradıram,
siz böyüyürsüz, mənsə itirəm...
Bakı, 23 aprel, 2008



Shepini tebrik edirem, ona atasi kimi inellekt olmagini arzu edirem. Boyusun boyuk olsun.
Aprel 24, 2008 17:21