Reklam verin!
Yuma Ailə Jurnalı

Mətbuata açıqlamam: mərcləşmək...

Yazar: artyazar @ Aprel 14, 2008 22:21

Əqlin gimnastikası - mərc...

Əqlin gimnastikası - mərc...    Mərcləşməyi sevən tanınmışların adı "Alma"da!
   
   Bəstəkar Firudin Allahverdi mərc gəlməyi çox sevir. Firudin bəy uduzmamaq üçün daha çox məşğul olduğu musiqi sahəsindən mərc gəlir. Amma Firudin bəy etiraf edir ki, buna baxmayaraq, mərci uduzduğu vaxtlar da olur: "Son vaxtlar dostlarla hansısa mahnını kimin bəstələdiyi haqqında mərcə girirəm. Uduzan tərəf də qalibi spirtli içkiyə qonaq etməli olur. Son zamanlar xeyli spirtli içki udsam da, hərdən əksi də baş verir". 
 Kulturoloq Aydın Xan isə mərcə görə heç vaxt "irəli düşməyib". Çünki Aydın bəy mərcləşməyi "yaxşı nümunə" saymır:


   "Həm dini, həm də sivil dünyanın meyarları baxımından mərc gəlməyə, qumar oynamağa, lotereyada bəxt sınamağa normal baxılmır. Mənim fikrimcə, mərcə aludəçilik sonradan xəstəliyə çevrilib insanı tənbəlləşdirir. İnsanın heç bir iş görmədən nə isə qazanmasının başqa anlamı yoxdur. Ancaq mərcin sivil formasını tapmaq mümkündür ki, bu da elmi polemika, diskussiya və mübahisələrdir. Cəmiyyətdə bu cür mübahisələr, mərcgəlmələr, diskussiyalar çox olsa, elmi və ictimai düşüncəmiz də uğur qazana bilər".
   Aydın Xan yalnız elmi müstəvidə mərcə girdiyini və çox zaman da qalib gəldiyini bildirdi: "Ancaq belə mərclərdən sonra heç nə qazanmamışam. Çünki mərcdə qazandığımı elə udduğum şəxsin özünə bağışlamışam".
   Politoloq Emin Millinin də mərc gəlməklə arası yoxdur. Emin bəyin fikrincə, insanların mərcə girməsinin mahiyyəti ona aydın deyil: "Mən mərcə girməyi sevmirəm, ona görə ki, bunun konsepsiyası mənə aydın deyil. Kimsə nəyisə edə biləcəyinə inanırsa, onu edə bilər. İnsan qarşısına məqsəd qoyandan sonra hər bir işi görə bilər. Mən hansısa bir işi kiməsə sübut etmək üçün görmürəm. Sadəcə, nə istəyirəmsə, onu da edirəm".
   "Qarabağ" futbol klubunun kapitanı Aslan Kərimov arada yaxın dostları ilə mərcə girir. Ancaq Aslan bildirdi ki, onların mərcinin şərtində hansısa qonaqlıq və ya maddi gəlir dayanmır: "Mən pulla mərcə girməyə çox pis baxıram. Yalnız dəqiqliklə əmin olduğum məsələni sübut etmək istəyi dostlarla mərcə girməyimi şərtləndirir. Çox vaxt belə mərclərdən qalib ayrılsam da, heç kimdən heç nə tələb etməmişəm. Haqlı olduğunu sübut etmək istəyi nəyə desən dəyər".
   DİQQƏT! DİQQƏT! Kimin könlündən müftə yeyib-içmək keçirsə, şair Qulu Ağsəslə mərcə girsin. Qulu bəyin dediyinə görə, mərcə girməyi sevsə də, indiyədək bir dəfə də udduğu olmayıb: "Əslində mərci udmuşam, amma qonaqlığımı verməyiblər. Bu baxımdan elə uduzmuş sayılıram. Mərcə girməyə müsbət yanaşıram. Mənə görə, mərc əqlin gimnastikasıdır. Hər kəs ağlının ovxarını yoxlamaq istəyirsə, mərc edə bilər". Qulu bəy heç vaxt pula görə mərcə gəlmir: "Əsasən qonaqlıqdan mərcləşirik. Bir dəfə "seyid olan adam yalançı olur, yalançı yox, bəlkə dilənçi olur" misrasının kimə məxsus olması barədə mərc gəldik. Mən bu misraların Axundova, Elçin Hüseynbəyli ilə Əsəd Cahangir isə Seyid Əzimə məxsus olduğunu bildirdi. Mərci udsam da, qonaqlıq vermədilər. Şair Faiq Balabəyliyə isə mərci uduzmuşam. Onunla mərc gəldim ki, heç vaxt qonaqlıq verə bilməzsən. O da qonaqlıq verib məni uddu. Jurnalist Yusif Rzayevlə Lütfiyar İmanovun doğum tarixi ilə bağlı qonaqlıqdan mərc gəldim və uduzdum. Onun qonaqlığını 3-4 dəfə dönər almaqla yola verdim".
   Qulu Ağsəs futbol matçlarının mümkün nəticələri barədə mərcləşməyi də sevir: "Özüm belə oyunlara pul qoyuluşu etməsəm də, dostlar mənim məsləhtimlə oyunlara pul qoyuluşu edir. Əksər vaxt nəticəni tapmaqda yanılmıram. Amma bəzən görürsən ki, bukmeker kontorları hansısa oyunu alırlar və sensasiya baş verir. Hesab edirəm ki, bunun günahını məndə yox, bukmeker kontorlarında axtarmaq lazımdır".
   Qəzetimizin əməkdaşı Natiq Muxtarlı da mərcə girməyi çox sevir. Natiq bəy əsasən idmanın şahı olan futbol oyunlarından mərc gəlir. O, hətta futbol oyunlarına pul qoyuluşları da edir. Amma buna baxmayaraq, əməkdaşımızın indiyə qədər bukmeker kontorlarından pul udduğunun şahidi olmamışıq: "Düzdür, arada pul qoyuluşları edirəm. Ancaq çox az miqdarda pul qoyduğumdan 7-8 oyun seçmək məcburiyyətində qalıram. Pul qoyduğum oyunların 80 faizinin nəticəsini düz tapıram. Futboldan anlayışı olanlar bunun yaxşı nəticə olduğunu bilir. Hərdən futbol sahəsində dostlarla da mərc gəlirəm. Bu yaxınlarda "Futbol+" qəzetinin redaktoru Rövşən Sultanovu mərcdə uddum. Rövşən bəyə deyəndə ki, "Arsenal" 2003-2004 mövsümündə məğlubiyyət acısı dadmadan çempion olub, mənimlə razılaşmadı. Beləcə 5 manatlıq konturdan mərc gəldik. "Futbol+"in əməkdaşlarının müdaxiləsindən sonra Rövşən bəy mərci uduzduğunu etiraf etdi". Natiq bəy bir neçə gün bundan əvvəl qəzetimizin işlər müdiri Əli Sahibin kürəyini yerə vurub: "Əli bəy İngiltərə çempionatının "Çelsi" - "Midlsbro" oyununda 2 topdan çox, mən isə az qol vurulacağını bildirdim. Oyun 1:0 hesabı ilə başa çatdı. Əli Sahiblə də 5 manatlıq konturdan mərc gəlmişdik. Onu da deyim ki, iki mərci udmağıma baxmayaraq, hələ balansıma bir kontur da yüklənməyib".
   
 Hazırladı:  Elvin Kazımlı, "Alma" qəzeti

E-mənbə: http://almaqezeti.com/?mod=view&id=2741

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha