Reklam verin!
Yuma Ailə Jurnalı

"Öz yerimi istənilən adama verməyə hazıram..." - yaman demişəm ha!!!

Yazar: artyazar @ Mart 30, 2008 17:03

Əgər bizdə qısqanclıq, paxıllıq varsa, nə üçün mən qiymətimi özüm verməyim?

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) bir neçə aylıq Moskva səfərindən vətənə yenicə dönüb. Təəssuratı böyükdür. Biz də eləmədik tənbəllik, bu təəssuratı sizlərlə bölüşmək istədik. Hələ sancmağımızdan da qalmadıq.

Aydin Xan


- Aydın bəy, Moskva ədəbi mühiti ilə yaxından tanış ola bildinizmi?

- Mən sizi aldatmaq fikrindən uzağam. Rusiya ədəbi mühiti çoxşaxəli, geniş olduğu üçün onunla qısa müddətdə yaxından tanış olmaq o qədər də asan deyil. Sadəcə, üst qatda olan məsələlərlə maraqlandım və baş verən ədəbi hadisələrə qatılmaqla, müəyyən tanışlıqlara nail oldum. O cümlədən Moskvanın ədəbi mühitində çox böyük hadisəyə çevrilmiş 15-ci Beynəlxalq KitabSərgi – Yarmarkasında iştirakımı da uğurlu bir hadisə sayıram. Bu mənim təkcə rus ədəbiyyatı ilə deyil, ümumiyyətlə, kültüroloji mühitlə tanışlğım idi. İstər ədəbiyyatla, istər kitab nəşriylə, istərsə də nəşr sahəsində yeni texnologiyaların yayılmasıyla bağlı bir çox maraqlı tədbirlərə - polemikalara, diskusiyalara qatıldım. Sərgidə daha çox Rusiya ədəbi aləminin spesifik problemlərinə toxunulsa da, bu gün Azərbaycan üçün də aktual olan məsələlərdən yan keçilmədi. Çözülən məsələlərdən biri bütün dünyanı narahat edən ədəbi dil problemi idi. Ümumiyyətlə, bu mövzuda diskusiyalar rus ədiblərini tez-tez bir araya gətirir. Hətta ölkə başçısının xanımının da dillə bağlı müəyyən konsepsiyası var. Rus dili ilə bağlı aparılan islahatlara birbaşa dövlət nəzarət edir.Hazırda Rusiyada çoxlu ədəbi mükafatlar təsis olunub, tez-tez ədəbi müsabiqələr keçirilir. Azərbaycana nisbətən Rusiyada gənclərlə bağlı ədəbi müsabiqələr son illərdəki qalibləri ilə görüşlər də mənim üçün maraqlı oldu. Beynəlxalq kitab bayramında 38 ölkənin 300-dən çox nəşriyyatının çap məhsulları nümayiş olunurdu.

- Azərbaycan da sərgidə təmsil olunurdumu?

- Təssüf ki, Azərbaycanbu sərgidə dövlət səviyyəsində təmsil olunmurdu. Ancaq sərgilənən kitablar arasında Azərbaycan dilində olan bir neçə kitab diqqətimi çəkdi. Söhbət vaxtilə Azərbaycan Hökumətinin və Təhsil Nazirliyinin dərslik kimi sifariş verdiyi, Macarıstanda nəşr olunan kitablardan gedir. Ümumiyyətlə, sərgidə nümayiş olunan kitabların sayı 100 mindən çox idi. Azərbaycan dövlət səviyyəsinə təmsil olunmasa da, bizim bu tədbirlərə qatılmağımız lokal şəkildə Azərbaycabın iştirakı demək idi. İndi bütün dünyada qeyri-hökumət qurumlarının rolu daha çox gözə çarpandır. Mən də bu beynəlxalq sərgidə Yeni Yazarlar və Sənətçilər Qurumu və Azərbaycan Yazıçılar Birliyi adından çıxış edirdim. Özü də, deyəsən. Pis alınmadı. Rus və xarici iştirakçılar çıxışlarımdan xoşhal olduqlarını dəfələrlə etiraf edirlər.

- Rusiyalı həmkarlarınızın nə yazıb, nəyi pozduqları ilə maraqlandınızmı?

- Bizdə olduğu kimi Rusiyada da dünyada gedən kulturoloji və ədəbi sənət hadisələri bir qədər gec çatır. Ötən yüzilliyin 60-70-ci illərində dünyada geniş yayılan fəlsəfi, elmi sənət prosesləri indi Rusiyada ikinci lcnlanma həyatını yaşayır. İntellektual nəsr əsərlərinin çap olunması, postmodernizmə geniş yer ayrılması bir növ dəb şəklini alıb. Artıq Rusiyada elitar ədəbiyyatla kütləvi ədəbiyyat həddən ziyadə ayrılmaqdadır. Hətta bunların arasında uçurum var deyərdim. Rusiada detektiv, fantastik əsərlərin, qadın, sevgi ədəbiyyatı, erotik əsərlərin nəşri kütləvi hal alıb. İntellektual əsərlər isə onlara nisbətən az dərc olunur. Diqqətimi çəkən bir məsələ də oldu. Vaxtilə Rusiya Yazıçılar Birliyi parçalanaraq bir çox qurumlara bölünmüşdü. Bu da rus ədəbi mühitinə öz mənfi təsirini göstərmişdi. Amma bu səfərimdə birləşmə, təmərküzləşmə müşahidə etdim. İstər gənc, istər orta, istərsə də ahıl yazarlar arasında belə bir fikir var ki, yaradıcı təşkilatlar bölünməməlidir. Bu mənada ziddiyətlərə, söz-söhbətlərə baxmayaraq, bizim Yazıçılr birliyini qoruyub saxlayan yaşlı nəslə hörmətimi bildirirəm. Qeyd edim ki, bu günlərdə 3-4 il öncə yaranmış MDB ölkələri Yazıçılar Birliyinin Konfederativ qurumuyla Azərbaycan Yazıçılar Birliyi münasibətlərini birgə təmizləmək haqda sənədlər imzalayıb. Yazıçılar Biriyinin katibi, dünya şöhrətli detektiv ustası Çingiz Abdullayev konfederativ qurumun idarə heyətinin üzvü seçilib. Əlbəttə, burda söhbət heç də dünyagörüşlərin, sənət baxışlarının birliyindən getmir. Sadəcə, sosial, əqli mülkiyyət hüquqlarının qorunmasının təminatçısı olan yazarlar qurumundan gedir. Mənə elə gəlir ki, bu baxımdan bizdə uçurum bir o qədər dayazdır. İstər Avropada, istərsə də dünyada gedən ədəbi prosesləri izləməyimiz hər halda bizim xüyrimizə olacaq.

- Keçək bizim ədəbi məkana. Sizin işlədiyiniz ”Ədəbiyyat qəzeti”nin fəaliyyəti bir çox qələm sahiblərinin xoşuna gəlmir. Sizi necə, bu səviyyə qane edir?

- “Ədəbiyyat qəzeti” Azərbaycan mədəniyyət və ədəbiyyatının hazırkı durumunu bütövlükdə olmasa da, vizual görünən hissəni nümayiş etdirir. Qəzetimiz YB-nin ədəbi orqanıdır, amma dövlət tərəfindən maliyyələşir. Ona görə də çalışırıq ki, ədəbiyyat və mədəniyətlə bağlı dövlət poqramları, konsepsiyaları, hadisələri qəzetimizin səhifələrində işıqlansın. Bu gün bizim qəzetdə yer alan yazılar orta və yaşlı nəsli qane etsə də, yeni nəslin xoşuna gəlməyə bilər. Çünki yeni nəsil lokal və qlobal informasiya şəbəkələri-internet vasitəsiylə dünyaya birbaşa çıxış imkanı əldə edib. Və dünyada baş verən yenilikləri görənlər təbii bunu Azərbaycan ədəbi məkanında da görmək arzusunda bulunacaqlar. Amma gəlin nəzərə alaq ki, “Ədəbiyyat qəzeti” 1937-ci ildən çıxan, necə deyərlər? Klassik  ədəbi orqandır. Və illər boyu qəzet öz ədəbi siyasətində müəyyən dəyişiklilər etsə də, heç vaxt inqilabları öz səhifələrinə çıxarmaq itidarında olmayıb. Son vaxtlar bizim qəzetdə nəzərə çarpacaq dərəcədə dəyişikliklər rast gəlinir. Bəla orasındadır ki, bizim fəaliyyətimizi bəyənməyənlər demək olar ik, qəzetimizi ardıcıl izləməyənlərdir. Əlbəttə, “Ədəbiyyat qəzeti”ni daha səviyyəli çıxarmaq olar. Əslində, biz bunun üçün çalışırıq da. Amma, gəlin görək, qəzetlərdə yer alan ədəbiyyat səhifələri arasında necə, fərq çoxdurmu? Əslində, heç də çox deyil. Eyni müəlliflər bu qəzetdən o biri qəzetə keçir, həm də “Ədəbiyyat qəzeti”ndə çap olunurlar. Əgər söhbət yazarların səviyyəsindən gedirsə, 37-ci il deyil ki, qəzet yazarları hansısa əsəri yazmğa zorlansın. Bir də ki, “Ədəbiyyat qəzeti” hamının xoşuna gələ bilməz.  Hamının xoşuna gələn mətbu orqanı çap məhsulu yox, ideoloji nəşrdir. Bəəzn bizə “pisdir” deyənlərdən yazı tələb edəndə nəticədə məlum olur ki, ortaya qoyulası elə bir ciddi əsərləri yoxdur. Ona görə də “Ədəbiyyat qəzeti”nin səviyyəsini qaldırmaq tək bizim yox, cəmi yazarların işidir.

- Və o da sirr deyil ki, sözügedən qəzetdə sizin şöbə müdiri postunu tutmağınızla barışa bilməyənlər də az deyil.

- İstənilən adama öz yeimi verməyə hazıram. İndiyənə qədər elmi toplularda, bir çox qəzet və jurnallarda kifayət qədər yazılarım dərc olunub. Hesab edirəm ki, yazı-pozu adamları üçün xüsusən də səviyyəlilər üçün – mən özümü də onların sırasında görürəm – meydan darlığı yoxdur. Hər hansı mətbu orqanında istənilən layihəni həyata keçirməyə gücüm çatar. Eyni zamanda özünə güvənən adama postumu verməyə də. Rusiyada olanda üç təklif aldım. Təkliflərdən biri ABŞ-dakı nəşriyyatlardan oldu. Üç aylığa bu təkliflərin birinin ardınca getməyə hazıram. Qoy narazılıq edən adam gəlib, mənim yerimdə oturub öz gücünü göstərsin. Müqayisə üçün qəzetlərin ədəbiyyat səhifələrini hazırlayanların verdikləri mətnlərlə mənim “Ədəbiyyat qəzeti”ndə gedən yazılarımı gözdən keçirin. O zaman sizin seçim imkanınız olacaq və dediklərimin həqiqiliyinə əmin olacaqsız.

- “Aydın Xan, sənin ədəbiyyata dəxlin yoxdur...” – bunu isə məclislərin birində “bir nömrəli tənqidçi” Əsəd Cahangir sizə ünvanladı. Qəribə məntiqdir, “Ədəbiyyat qəzeti”nin şöbə müdirinin ədəbiyyat dəxli yoxmuş...

- Əsəd bəy özünü Azərbaycanda və Yaxın Şərqdə postmodernizmin peyğəmbəri hesab edir. Bu yaxınlarda yenicə işədiyim bədii nəsr nümuənsini “Azərbaycan” jurnalına təqdim etdim. Qetd edim ki, yazıda modernizmin izləri vardı. Əsərin taleyi ilə maraqlandım. Redaktor müavini Vaqif bəy onu Əsəd Cahangirə verdiyini bildirdi. Əsəd bəy isə mənə belə bir rəy verdi: “Yazıda Qərb yazıçılarını uğursuz, bayağı təqdir etmək cəhdi var. Orijinal fikir, bədii təsir gücü yoxdur. Bütün bu xüsusiyyətləri onu “Azərbaycan” jurnalının yox, “Ədəbiyyat qəzeti”nin materialı heab etməqə əsas verir”. Və mən sözügedən əsəri bu “ön öz” ilə birlikdə “Ədalət” qəzetinin ədəbiyyat əlavəsinə təqdim edəcəyəm. Oxuyun və onda göəcəksiniz ki, mənim ədəbiyyata dəxlim var, ya yox? İstər Əsəd bəy, istərə də digər yazıçılar haqqında mən heç vaxt təhqirə yol verməmişəm. Həmişə kültüroloji polemikalara qatılmağa ütünlük vermişəm. Külək ikim o tərəf, bu tərəfə əsmək fikrindən uzağam. İnanıram ki, yaxın gələcəkdə Əsəd Cahangirdən ədəbi giley-güzar yox, sanballı, intellektual fiikrlər eşidəcəyik.

- Sizin ədəbi mövqeyiniz bəlli deyil. Məntiqinizdə bir qarışıqlıq hökm sürür. Çox vaxt mənə elə gəlir ki, bu sizin “Ədəbiyyat qəzeti”ndə işləməyinizdən irəli gəlir.

- Məcburam özümü tərifləyəm. Hadisələrə intellektual baxışı olan şəxslər bəzən fikirlərini aydın ifadə edə bilmir. Yaxud məclisdə əyləşənlərin intellektual səviyyəsi onu qavramağa imkan vermir. Türkoloq alimimiz Tofiq Hacıyevin təbirincə desək, yaxşı yazmağı bacaranlar danışa bilmir, əksinə, natiqlik qabiliyyəti olanlar isə yazmağı bacarmır. Ola bilsin ki, mən də bu bəlaya mübtəla olmuşam. Amma onu da əlavə edim ki, Bakı ədəbi mühitində normal polemik diskusiyalara yer yoxdur. Dəfələrlə siz də, mən də hər hansı polemik fikir söyləyən şəxsin necə fitə basılmasının şahidim olmuşuq. Və belə qarışıqlıqda həmin şəxs öz fikirlərini aydın ifadə etməyə də bilər. O ki qaldı mənə, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin ad çıxarmış tələbələrndən olmuşam.  Milli Elmlər Akademiyasının nizami adına Ədəbiyyat İnstitutunun aspirantursını uğurla bitirmişəm. Hazırda Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri olan şəx yəqin ki, müəyyən mənada ədəbiyyatda öz sözünü deyə bilib, yaxud da hər şey irəlidədir.

- Heç təvəzöar deyilsiniz...

- Biz Avropadan pis şeyləri götürməyi xoşlayırıq. Amma şəxsin,fərdin özünə qiymət verməsini istəmirik. Əgər bizdə qısqanclıq, paxıllıq varsa, nə üçün mən öz qiymətimi özüm verməyim? Özümü tərifli görürəm. Məni belə görən dostlarım da var. Bir də ki, mənim 30 yaşım var. Daha çox görəcəyim işlər qarşıdadır...

- Mən heç də sizin istedadınızı kölgələmək fikrində deyiləm. Bəs bugünkü ədəbi mühit sizi qane edir?

- Mənzərə qane edir, amma səviyyə yox. Bilursiniz, ədəbi mühitin qiymətləndirilməsi mənim ixtiyarımda deyil. Çünki mən də bu mənzərəni cızanlardan biriyəm. Ola bilsin ki, kölgədə olanlardanam, amma hər haldsa özümü Azərbaycanda baş verən bütün ədəbi proseslərin birbaşa iştirakçısı, təşkilatçılarından biri hesab edirəm. Azərbaycan poeziyasını dünya ədəbiyyatının üzdə olan səviyyəli biri hesab edirəm. O da sirr deyil ki, indi ədəbi mühitdə orta və yaçlı, o cümlədən, özünü postmodernist adlandırn yeni nəsillər arasında müəyyən fikir ayrılıqları nəzərə çarpacaq dərəcədə qabarıqdır. Bu da təbii qarşılanmalıdır. Çünki biz açıq cəmiyyətdə yaşayırıq. Sadəcə, arzu edərdim ki, bəzi dostlarım dağıdıcılığa yox, təkamülə ütünlk versinlər. Əlbəttə, Azərbaycan ədəbiyyatının çatışmyan cəhətləri çoxdur. Xüsusilə, iri həcmli nəsr və dram əsərləri, esseylə bağlı problemlər daha çox gözə dəyir, fəlsəfəylə ədəbiyyatşünaslığın sintezindən yarana biləcək ədəbi tənqidimiz də zəifdir. Ancaq bunlara bazmayaraq, Azərbaycanda gedən ədəbi prosesləri yüsək qiymətləndirirəm. Nəticəni isə tezliklə görəcəyik...

Söhbətləşdi: İradə xanım.

"Ulus" qəzeti, 16.10.2002

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha