14 Fevral Qlobal Sevgi Bayramı münasibəti ilə
Rə.-dən ötrü darıxmaca...

(Yazar dostum Kəbutərlə şəklimiz pis alınmayıb, deməzsiz?)
Hə, nə olsun ki
sevməyə bir kimsə yoxdur...
Bax, Yaradanın özü də
Təkdir - sevdiyi bir kimsə görünmür
Odur, O, sevir özünü...
Yaratdığını, yeri-göyü
insanı, mələyi,
hətta İblisi də,
yoxsa elə yerindəcə
Bu Od varlığı buza döndərərdi...
Sevməyə kimsə yoxdursa,
dəli qız, könüldaşım
sev özünü, öz varlığını,
öz ruhunu, fərqli intellektini
Yaradılanda insana
hər şeydən ikisi düşüb
qoşa əl-ayaq,
cüt göz-qulaq,
iki cins də içində yerləşdirilib
İblis və mələyin
gizlincə görüşdüyü
məkan - ürəyimiz...
cənnətlə cəhənnəmin
qovuşduğu sərhəd - içimiz
xeyirlə şərin sevişdiyi yer -
könlümüz...
Sevməyə kimsə yoxsa,
sağ əlin, sol tayını,
bir gözün digərini,
qulaqın başqa yandakını,
qoşa ayaq bir-birini,
beynin qəlbini
üst dodaq altındakını,
dişlər bir-birini,
göz qapaqların özlərini
- Zatən, onsuz da
onlar həmişə
sevirlər, sevişirlər
Canım hələ sənə
içindəki
cənnət-cəhənnəm,
İblis-mələk,
xeyir-şər,
erkək-dişi başlanğıcının
sevgisindən-sevişindən
təkrarlamalar söyləmir...
Qoy başqaları
səmimi olmasınlar
özlərini başqasında - yad kimsədə
axtarsınlar-arasınlar-sevsinlər
sənsə, öz içinə en
orada - qəlbində
böyük sirlər gizlənib
nüvəsində sevgi
sevginin əsası
sənin duyğuların
Özünə en, sən özün olsan
sevməyə bir kimsəyə
ehtiyac da olmaz...
Bakı, 14 fevral, 2008, saat 09 16




Əla...
Gəlmişkən, Sevgi gününüzü də təbrik edirəm...
Hər halda sevməyə kimsə olanda həyat daha gözəl olur, razılaşın...
Fevral 14, 2008 10:04