"Sol intellektual poeziya" silsiləsindən
Dostum Əli Əlioğluna kənddən gətirdiyim qar-məsnəvi
Qardaşımdır Şahlar -
bir atanın belindən sıçramışıq
sevdiciyim anamızın bətnindən
bu dünyaya tullanmışıq

Fəqət, mən ayrı, o isə bam-başqa,
düzü, Əhməd-Rəşqəndə cütlüyünün
bu zamanın sifətinə çırpdığı
səkkiz övladın - üç qardşla beş bacının
heç biri digərinə bənzəmir...
düzü, Əhməd-Rəşqəndə cütlüyünün
bu zamanın sifətinə çırpdığı
səkkiz övladın - üç qardşla beş bacının
heç biri digərinə bənzəmir...
2008-ci ilin ilk qarı yağmamış
yanvarın 4-də ikinci dəfə ata oldu
32 yaşın içində qız balasından sonra
oğul çağası gəldi nəslimizə sarı...
Yerı gəlmiş deyim:
qar deyildi bu il göydən yerə səpələnən,
poetikləşdiməcəmə görə,
indiyə qədər bu fani dünyaya
uçub gəlmişlərin
ruhuydu özünü göstərdi bizə...
Siz heç qarı basdalayanda
səsə-xışıltıya fikir salmısızmı?
Qanadı sınmış ruhların hıçqırtısıdır.
Dostum Rə (bilməyənlərə xatırlatma: Rəbiqə)
qarın xışıltısı təbiətin qış şərqisidir
yazardı yəqin - mənim noutbukumda
şerini yığsaydı İnternetdəki bloguna...
Zira, sən ey Əli qaqam,
əgər yazsaydın əvəzimə,
elə beləcə də yaz:
Ruhların hıçqırtısıdır...
Qar dənələri də ruhlar kimi soyuqdur,
amma bizim bir damcı qəlb hərarətimiz
bəs edər onların soyuqluğunu əritməyə -
İlahi, Qarabağda şəhid olmuş Müşfiqim,
Avto-qəzada tələf olmuş Samiririm,
84 yaşında rəhmətə getmiş babam Zülfüqar,
Ziyalı xatun nənəm Həcər,
Gözəlliyi ilə əsrin kürəyini tarixə çırpmış
Atam anası - nənəm Nənəbacı,
Sevgisini xərçənc xəstəliyi şəklində
nıfrətə çevirmiş Aybəniz xalam...
Daha neçə-neçə doğmalarım...
Zərdüşt, İsa, İskəndər, Babək,
Şah İsmail dövrünün Azərbaycanı
- Kim deyir ki, məmləkətin ruhu olmur -
Nə bilim, diriykən məndən ötrü ölüyə çevrilmiş
dostciyəzlər, sevgiciyəzlərim,
sizlərin donmuş ruhlarınızın donunu
açmaqdan ötrü tək qəlbimin istisi yetərmi, görən...
Kəsəsi, qayıdıram qardaşım, amma
min-min il qədər məndən uzaq olan Şahlara...
Anam öz köhnə diləyinə çatdı:
atası Zülfüqar kişinin adını qoydu
dilsiz-ağızsız çağaya...

- Qoy atam kimi bəxtli,
varlı-sanlı bir ömür yaşasın!
Nədənsə, arvad əlavə etməyə ürək etmədi,
amma mənə də Aydın Xan deyərlər,
əgər dilimi dinc qosmasaydım...
Zülfüqar kişi, ay ana, axı, kim-kim bilməsə,
sən çox gözəl bilirsən,
həm də şorgöz olub, arvadbazlığıyla
ətrafda ad çıxartmışdı...
Elə sənin özün də onun ikinci rəsmi
həyat yoldaşındansan,
Həcər nənəmdən sonra Gəncəli,
Bakılı, Rusiyalı sevgililəri vardı onun...
Əlqərəz, Rusiyadan milli -
xarici pasport çıxarmağa gəlmiş,
işi-gücü rus məşüqələrinə SMS-lər
- intim ismarıclar yollamaq
və bir də yeyib-içmək, şellənmək
olan Şahlara anam, bir də
səkkiz bacı-qardaşdan
qonşu kənddə ərə getmiş
bacım Ülkər (qalanları Urusiyyətdə)
hücuma keçdilər:
- Qurtardı daha urus matişkələri ilə gəzməyin
sən artıq oğul atası olan yekə kişisən...
- sanki qız uşaqları adam deyillər...
bu düşüncə sahibiyik deyə,
son on beş ildə
hər yüz qız uşağına
yüz qırx oğlan övladı
gətirilir Azərbaycanda dünyaya...
demək, bir üç-beş ildən sonra
iyirmi oğlana
(kobud götürsək, o yüz qırx
oğlanın bir iyirmisi mavi - dəbdir onsuz da -
iyirmisi impotet, - nə etməli,
ekologiya, psixoz, təbii problemlər,
qlobal istiləşmə, İnternet və s. öncə
cinslər içində zərifi olan kişiləri
qurban götürür...
bir onu norkoman, onu SPİD-li, onu da dəli...
qalanların payına düşən qızların da böyüyüb
yetkinlik yaşına çatacağına heç kim zəmanət vermir;
xəstəsi, çəhrayısı, nə bilim
Dubaya-zada gedəni,
öləni - ki, uşaq ölümünə görə
dünyadanda öndəyik - olacaq...)
qızı gedib ermənilərin arasında axtaracağıq...
Hə, hardada qaldıq, dostum Əli,
özüm, deyəsən klaviaturanın düymələrini
dolaşdırdım məsnəvinin problematik düyününə...
Yazıq Şahlar, heç cınqırtısını
çıxarmağa macal tapmadı...
- İndi sən tək canını deyil,
dörd nəfərdən ibarət ailəni
dolandırmalı, uşaqlarını böyütməli,
hələ üstəlik hökümətin iyirmi şirvanla
ağızlarını yumduğu qoca valideynlərinə
maddi dayaq durmalısan...
Əlvida rus gözəlləri,
rus arağı, oyun avtomatlarının nəşəsi,
salamat qalın gənclik dostları
qardaş-bacı, qohum, qonşu...
Şahlar artıq atadır - kişidir
Ondan nə gəncliyin enerjisini,
nə də yaşamağa həvəs gözləyin...
Heç sevgi, seviş,
nə bilim, seks-meks də gözləməyə dəyməz...
Bizdə Kişi oğul atası olan kimi,
Gəncliyi mentalitet meydanında
Zamanın yaxasından asılıb qalır...
Lənkəran-Bakı, 05-06 yanvar 2008


