2007-ci ilin ikinci yarısından AR Mədəniyyət və Turizm Nazirliyinin rəsmi mətbu orqanı - "Mədəniyyət" qəzetinin elan etdiyi musabiqəyə qoşulanda, özümdən çox razı və məmnun idim:
bilirdim ki, dünyaya baxanda kifayət qədər balaca sayılan məmləkətimdə sənətin müxtəlif istiqamətlərini ciddi araşdıran, qlobal estetik-kulturoloji süzgəcdən keçirən, bir sözlə, barmaqla hesablaması mümkün olmayan tək-tük yazarlardanam - əlbəttə, çağımızda düşünməyi yadırğayan (Ziyadxan müəllımı çıxmaq şərtilə) yaşlı nəsil sənətşünasları yaddan çıxartmaq da insafsızlığa aparıb çıxarar... Nə başınızı ağrıdım, bu gün qaliblərlə bağlı elə hamanca "Mədəniyyət" qəzetində yarıxoş info ilə tanış olandan sonra sevindim ki, məndən də başqa mədəniyyət problemlərini beyinlərdən qazıyıb çıxaran varmış: "525-ci qəzet" (mətbu orqanın orijinal adına quzu bağışlayım) yazarlarından mədəniyyət mövzüsündakı məqalələrinə görə İntiqam Mehdizadə - birinci yeri (400 manat) özünə qazandırıb, sənət söhbətlərinin mətnini çapa hazırladığına görə Yaşar - ikinci pillədə (300 manat) qərarlaşıb, halalları olsun və mənim "Yaddaş" qəzetindəki kulturoloji yazılarıma görə üçüncü - sonuncu 200 manatı əldə etdim (sınamışam, səhər çağı evdən bayıra ayaq basmamış arvadağaya pul verəndə həmin gün ailə büdcəm əlavə gəlirlərlə zənginləşir...). Elektron jurnalistikayla məşğul olanlara da ənənəvi yazarçılıqla baş girlədən bizim kimi üç yer ayrılmış, uyğun yerləri qazanmış həmkarlarımıza pul mükafatı və diplomlar vəd verilib və deyilənlərə görə Yeni il Bayramından sonra təmtaraqlı təqdimat mərasimi düzənləyib ödüllərimizi bizə halal edərlər... Gözləyək də...
P.S. Nəşrini dayandıraraq artıq mətbuat tariximizin maraqlı səhifəsinə çevrilmiş "Yaddaş" qəzetində məni hər həftə yazmağa həvəsləndirən tənqidçi həmkarım, gözəl xanım, layiqli dostum Nərgiz Cabbarlıya və şübhəsiz, yazılarımı diqqətlə oxuyan millimədəniyyətimizisevərlər oxucularıma və müsabiqəni təşkil edənlərə, münsiflər heyətinin indiyə qədər də adını bilmədiyim üzvlərinə, başda Nigar xanım Mənsimli olmaqla "Mədəniyyət" qəzetinin əməkdaşlarına bir Bayram təşəkkürlərimi, sayğılarımı yollayıram...
Blog Haqqında
Çağdaş yaradıcı-ictimai düşüncə sahibi, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xanın (Əbilov) Virtual Dünyası: ədəbi-bədii əsərləri, analitik-kulturoloji yazıları, eləcə də intellektual-fəlsəfi, ictimai-elmi məqalələləri, polemik fikirləri, çəkdiyi bənzərsiz fotoşəkillər, şəbəkə gündəliyi, daha başqa maraqlı intellektual-kulturoloji-estetik-yaşam modelləri...