Gələnin kim olduğunu hələ dərk etməmiş Ustad onun baxışlarındakı nuru Tanrının bir zərrəsi, yerişindəki hərəkəti Varlığın əksi, addımların yaxınlaşdırdığı məsafəni dünyanın kiçik forması, gəlişinin apardığı vaxtı isə zamanın an içərisinə sığışdırılmış bütövlüyünü duydu...
"Səma"nın qırmızı çalarını tutan: Aydın Xan
- Sən atəşmisən, odmusan, eşqmisən, ilahisənmi, bilmirəm, zira məni məndən alıb Özünə apardın... - Ustadın heysiz sinəsindən gələn fəryada Yoldar belə cavab verdi:
- Mən Şəmsəm! Səni araya-araya bura gəlib çatmışam. Çatmışammı, deyəmmərəm, fəqət Səndə Özümü gördüm, bütövlüyün nişanəsini sezdim - İlahinin aurasını, Tanrının enerjisini, Həqiqətin eşqini fəhmlədim.
- Niyə, axı niyə mən?
- Sən sən deyilsən, gözümün işığı, səndə mən varam, illərcə zərrə-zərrə içində saflaşmışam, qəlbində toplanmışam, sözlərində canlanmışam, eşqində büyövləmişəm. Necə ki, məndə sən, eləcə də səndə mən var olub. Ayrılıqda biz parayıq, Kamil deyilik, deməli həm də Yaradanın Ali Həqiqət adlı eşq şərqisinin ayrı-ayrı kəlamlarıyıq. Mənə qədər Sənlər canıma dolüşüb, məndən sonra Sənə başqa seçilmiçlər birləşəcək...
- Bu Oyuna nə hacət, əgər hər şey Onun İradəsi daxilindədirsə, nə üçün birkərəmlik OL deyibən Həqiqəti Kamilləşdirmir?!
- Tələsmə, hər sirrin, istənilən möcüzənin açarı qəlbinə həkk olunandan sonra bütün suallarına cavab alacaqsan.
- Olsun, fəqət, marağımı boğa bilmirəm.
- Unutma, gözümün işığı, biz təsbeh dənələri kimi zamanlanırıq ki, Dünya çiynimizdə duruş gətirsin. Biz Dünyanın ağırlığına, o isə bizim Günahlarımıza duruş gətirə bilsin deyə, Buyruğ davamlılığını itirmir. Bütün məqsəd də bunda...
Əslinə varanda, Ustad heç anlaya da bilmirdi və həzm edəmmirdi ki, qarşı tərəfdən gələn Yoldar onun özüdür, kiməsə tərəf addımlayır və ya əksinə, yoxsa...
Və iki gündən sonra dağ yamacında bir-birini qucaqlamış - iki ikən Bir olmuş - bütövləşmiş Ustad ilə Yoldarın İlahi bihuşluyunu indiyə qədər də bir kimsə anlaya bilməz.
(davamını istəsəniz - peyda olacaq...)
Blog Haqqında
Çağdaş yaradıcı-ictimai düşüncə sahibi, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xanın (Əbilov) Virtual Dünyası: ədəbi-bədii əsərləri, analitik-kulturoloji yazıları, eləcə də intellektual-fəlsəfi, ictimai-elmi məqalələləri, polemik fikirləri, çəkdiyi bənzərsiz fotoşəkillər, şəbəkə gündəliyi, daha başqa maraqlı intellektual-kulturoloji-estetik-yaşam modelləri...