Rüstəm Behrudı - “Yaddaşlara yazın”, “Salam, dar ağacı” (bir neçə nəşr), “Boz qurd”, “Şaman duası”, “İblis mələkdən gözəldir”, “Tənhalıqda ölüm qorxusu yoxdu”, “Yer üzü görüş yeridir”, “Bitəcək nə varsa, bitməlidir”, “Din verdim din üstünə”, “Göz yaşlarından baxan Allah”, “Seçilmiş əsərlər” və başqa poetik, eləcə də nəsr və publisistik kitablarını maraqla oxuduğumuz, əlli yaşını bu günlərdə qeyd etdiyimiz tanınmış şair indiki günlərdə də dövri mətbuatda oxunaqlı yazılarla müntəzəm çıxış edir, ədəbi prosesimizdə fəallığıyla, prinsipial mövqeyi ilə fərqlənir.
Dünya ədəbiyyatında elə qələm sahiblərinin yaradıcılığına rast gəlirik ki, onların əsərlərinin böyük hissəsi sırf milli məsələlərə, mənsub olduqları etnosun problemlərinə, bir sözlə, etnik-genetik mənşəyinin özünəməxsusluğuna aid olsa da, o nümunələr sənətkralıq baxımından, estetik-kulturoloji dəyərinə görə məhəlli deyil, bəşəri ədəbi hadisə kimi söz sənəti tarixinin bir parçasına çevriliblər. Homer, Firdovsi, Nizami, Höte, Bayron, Puşkin və başqa şairlərin yaradıcılığından axıb gələn həmin estetik enerji çağdaş ədəbiyyatda da öz dəyərini itirməyib bu və digər dərəcədə müxtəlif nəsil yaradıcı insanların əsərlərində özünü göstərir. Ən maraqlısı da odur ki, bu cəhət daha çox özünü poeziyada, şeirdə qabarıq büruzə verir... Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərində bu cür şairlərin yaradıcılıq nümunələrinə çox rast gəlirik. Elə şairlərdən biri də “Salam, dar ağacı” yazaraq böyük poeziya meydanında dövrün, zamanın gərdişinə sinə gərən, bu günlərdə ədəbi ictimaiyyətimiz, eləcə də iki yüz milyondan çox insanı əhatə edən Türk dünyası şeirsevərlərinin 50 illik yubileyini böyük sevgiylə qarşıladığı şair-publisist, fərqli poetik düşüncə adamı Rüstəm Behrudidir. Ötən əsrin 80-ci illərindən başlayaraq ədəbiyyata olan böyük sevgisini şeirə çevirməyi bacaran Rüstəm Behrudinin bütöv yaradıcılığını, əslində, bir cümlə ilə xarakterizə edə bilərik: Türk — Azərbaycan milli-etnik sivilizasiyasının poetik salnaməçisi, qızğın tərənnümçüsü, keçmişdəki dəyərləri gələcəyə ötürəni. fəqət, pafoslu, ideoloji yazılarıyla deyil, Şaman duası enerjisiylə, “Quran” ayələri avazı üstündə, Orxon-Yenisey mətnlərinin tarixi-fəlsəfi ruhunda, füzulinin əmanət etdiyi saf türkcəmizdə yaratdığı həzin, kövrək, lirik-fəlsəfi şeirləriylə:
Mənim buntürk sak babam... Hun babam, Oğuz babam... Göy Tanrı, Qara xan, Oğuz, Gültəkin... Hərəsi içdiyim bir anddan gəlir... Mənim qərib-qərib ulayan sözüm Attila gözləyən Boz Qurddan gəlir...
Bir milli şair olaraq Rüstəm Behrudi yaradıcılıq yolunun bütün mərhələlərində bir amala xidmət etməyə çalışıb: Türk ruhunun poetik nəbzini tutaraq dünyanın aparıcı etnosu olan bu qədim toplumun bəşəriyyətə bəxş etdiyi ən yaxşı cəhətlərini qabartmaq, sivilizasiya tarixinə qatmaq... Sənətkar üçün azəri, Türkiyə türkü, özbək, qazax, qırğız və başqa türksoylu xalqlar yoxdur, bir türk var: Turanın, Türk dünyasının saf insanı. Elə bir şəxs ki, onda lap qədim dövrlərdə yaşamış ilkin türkün ruhundan da bir parça, dünyanın sonunda gözlərini əbədi yumaraq Tanrının dərgahına gedəcək türkün genindən də bir hissə gizlənir, qəlbində keçmiş ilə gələcək qovuşur, qucaqlaşır, zamanın dayaq nöqtəsinə çevrilir...
...Elə bu ayrılıqdan başladı Sevməyimiz, Sevgidən ölməyimiz, Ölməyimiz, ölümə gülməyimiz. Bir vaxt Sonuncu dənizə doğru Durmadan yüyürən — Nallı, kəhər atları cilovsuz qoymağımız, Sonra ardınca, dil deyən bayatımız, qan ağlayan ağımız...
Şair şeirlərində Şaman kimi türkə dua oxuyur, Boz Qurd kimi milləti döyüşərək özünü xilas etməyə səsəlyir, qərib dərviş tək haqqa sığınaraq etnosdaşını ali həqiqətə doğru aparmaq, sevdiyi insanları Tanrının Göy çadırı altına yığmaq istəyir, hətta ata dili üstə millətə ağı deyir, insanı ali nemət olan azadlığa qovuşmaqdan ötrü mübarizəyə qaldırır, yalqızlığı ilahiləşdirir, hər yerdə sevgi axtarır... Yaradandan özünə oğul deyil, yağı tapdağında inildəyən Qarabağın xilaskarını göndərməyi diləyən yazı adamı poetik məniylə türk ruhunu paklaşdırmaq arzusuyla alışıb yanır. Rüstəm Behrudinin “Salam, dar ağacı” və “Göz yaşlarından baxan Allah” (Bakı, “Azərnəşr”, 2007) adlı axırıncı yeni kitablarındakı istər poetik, istərsə də publisistik-fəlsəfi nəsr əsərlərini oxuduqca, maraqlı ədəbi-kulturoloji faktlarla qarşılaşırıq. Sanki bir intellektual-poetik düşüncə sahibi olaraq o, özündə türk insanının keçdiyi bütün tarixi və gələcəkdə gedəcəyi yolları birləşdirməyə can atır: əslində, böyük sənətkarların müqəddəs missiyası da elə bu olmalıdır. Şeirlərində kosmik-tarixi enerji, poetik-fəlsəfi kodlar, bəlkə hələ özünün də sona qədər dərk edə bilmədiyi milli və həm də bəşəri sivilizasiya sirləri gizlənən bu incə ruhlu yaradıcı şəxsin “Ürəyimdə minarəsi kədərdən olan bir Allah evi var. Bundan sonra o Allah evinin divarlarına təzə-təzə daşlar qoymaqdan başqa bir işim yoxdur mənim...” — deyərək, dünyalarca sevdiyi insanlar içində yalqızlığını dərk etməsi bundan irəli gəlir... Bu kədərin fərdi duyğulardan qaynaqlanmadığını qəbul edir, ilahi, fəlsəfi və poetik mahiyyətinə varmadan, daha çox şairin sənətkar çiyinlərinə düşən əbədi yükün ağırlığını dərk etməyə çalışanda, aşağıdakı misralar adamın yardımına gəlir:
Şaman kimi sözlərdən mən tale toxuyuram, Ürəyimdə səksəkə, ruhumda bir zəlzələ...
Hər gecə göy üzünə mən dua oxuyuram. — İlahi, bu milləti yox olmaqdan hifz elə...
Rüstəm Behrudinin yaradıcılığını ənənəvi filoloji metodlarla — ədəbi-tənqidi qəliblərlə təhlilə cəlb etmək istəyən ən ciddi ədəbiyyatşünas da uğursuzluğa düçar olar. Bəlkə də bu cəhətinə görədir ki, şairin poetik-fəlsəfi düşüncəsinin bütün qatlarını aça bilən yazıların — filoloji araşdırmaların sayı çox azdır. Bu baxımdan dünya ədəbi-bədii düşüncə texnologiyaların ən son nailiyyətlərindən bəhrələnməklə sənətkarın yaradıcılığına qismən işıq salmaq mümkündür. Çünki Rüstəm Behrudinin şeirlərini təhlil etməyə çalışan araşdırıcı filoloq ən azı milli və dünya ədəbiyyatını, klassik və çağdaş mədəniyyəti, müxtəlif sivilizasiyaların, etnosların tarixini gözəl bilməli, inancları, inamları, göytanrıçılığı, şamanizmi, zərdüştlüyü, buddizmi, xaçpərəstliyi, İslam dinini lazımınca dərk etməli, bütün dövrlərin ədəbi-bədii, fəlsəfi-poetik düşüncəsinin müqayisəli təhlilini aparmağı bacarmalı, qədim türk xalq şerindən başlamış — Şərq sufi poeziyası da daxil olmaqla — müasir Qərb poeziyasına qədər fərqli poetik texnologiyaları mənimsəməlidir. Başqa sözlə, mürəkkəb yaradıcılıq potensialına, özünəməxsus fərdi maneraya, sənətkar üslubuna, dil-leksik qatlara, fəlsəfi düşüncəyə malik bu şairin sona qədər dərk etmək mümkün olmasa da, hər halda, humanitar kulturoloji-poetik təhlil aparmadan, onun bir çağdaş söz sənəti adamı kimi yaratdıqları barədə fikir yürütmək çox müşkül məsələdir:
Allahdan sonra söz idi, Söz də ki, bir ah evidi. Bu könlüm Allah evidi, Gir də bax, Allah görünər...
Belə misraları yazan şairin nəinki sənətkar qəlbi, həm də məhsuldar yaradıcılığı çoxqatlı mədəniyyət, ədəbiyyat, şeir aləmidir, estetik-poetik hadisədir. “Daha gülə-gülə ağlamaq olmur” poemasında Rüstəm Behrudi sanki Zərdüştdən üzü bəri — özü də daxil olmaqla — millət sevgisindən göynəyən qəlblərinin yanğılarını şeirə-ədəbiyyata çevirən bütün qələm adamlarına poetik abidə qoyur:
Gəldim dərdlərimlə verim baş-başa, Deyim — hər yaranı bağlamaq olmur. Ustad, bir qəribə zaman gəlibdir, Daha gülə-gülə ağlamaq olmur!
Şairin “Qanlı kölgə” adlı digər poemasında da bütün dövrlər üçün aktual sayılan əbədi-fəlsəfi problem ön plana çəkilib: dahidən tutmuş sıravi insana qədər şüurlu şəxslərin hamısı bu dünyaya azadlığı dadmaqdan ötrü gəlirlər... Əlli ilin sərhədində Rüstəm Behrudi daha çox oturuşmuş sənətkar düşüncəsinin məhsulları sayıla biləcək poetik esseləri ilə dövri mətbuatda tez-tez çıxış edir. Şairin bu günlərdə oxucuları ilə yeni görüşündə — “Göz yaşlarından baxan Allah” adlı kitabındakı publisistik-fəlsəfi esselərindən, analitik-problematik yazılarından da göründüyü kimi, artıq yaş öz sözünü deyir: Rüstəm Behrudi ruhən nə qədər cavan, yeni, saf olsa da, yaradıcılığının müdriklik dövrünə qədəm qoyub. Maraqlıdır ki, bu yazılarda nəsr təhkiyəsi ilə poeziya bir-birini əvəzləyir, oxucuda ədəbiyyatın proza və şeir kimi iki qolunun sintezi nəticəsində özünəməxsus bir yaradıcılıq — düşüncə nümunələrinin meydana gəldiyini nümayiş etdirir: “...Bu hüzn və kədərin nə olduğunu uzun illərdən sonra — 43 yaşında son baharda söykənib getməyə yerin, açmağa qapın, pıçıldamağa adamın olmayanda anlayacaqsan.
Orxanım, oğlum, bircə balam, Bu vətən torpağında Məndən sonra duracaq Bürcüm, qalam. Mən — sənin atan...
Yuxularında qurd doğan Din səbrinin üstündə İlan yatan bir kişi. Və bu kişinin min ildi Daşdan çıxır hər işi...”
Ömrün 50 yarpağının bəlkə də hər birini şeirə çevirərək ədəbiyyat — əbədiyyət parçasına döndərən şair Rüstəm Behrudinin yaradıcılıq yolu sübut edir ki, o sənətkar taleyi yalnız ona deyil, bütün türklərə, poeziyasevər bəşəriyyətə məxsus olan unikal hadisəyə çevrilməkdədir. Bu gün də milli düşüncə, çağdaş ədəbiyyatda özünəməxsus mövqeyi ilə fərqlənən sənətkarın hələ oxuculara — həmişə vahid görmək arzusunda olduğu Türk dünyası insanlarına deyiləsi poetik sözü, açası fəlsəfi sirri, üz tutası hərarətli sevgisi çoxdur: bunları şairin həm yenicə işıq üzü görmüş sanballı kitablarındakı oxunaqlı poetik nümunələrdən, maraqlı nəsr əsərlərindən sezirik, həm də gələcəkdə qələmə alacağı yazılardan gözləyirik...
Çağdaş yaradıcı-ictimai düşüncə sahibi, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xanın (Əbilov) Virtual Dünyası: ədəbi-bədii əsərləri, analitik-kulturoloji yazıları, eləcə də intellektual-fəlsəfi, ictimai-elmi məqalələləri, polemik fikirləri, çəkdiyi bənzərsiz fotoşəkillər, şəbəkə gündəliyi, daha başqa maraqlı intellektual-kulturoloji-estetik-yaşam modelləri...